Sosial şəbəkələrdə daha çox əyləncə məqsədilə dolaşan trollar artıq siyasi mübarizədə əsas “virtual ordu” rolunu oynayırlar desək yanılmarıq. Azərbaycanın siyasi cameəsində zaman-zaman gündəmə gələn troll məsələsi buna diqqəti ikiqat artırır. Ümumiyyətlə, nədir bu troll, siyasi trolluğu Azərbaycana kim gətirib və bu gün necə istifadə olunur?

Balıqçılıqla bağlı olan “troll” termini ingilis dilində tilov, yaxud tilovun ucuna qoyulan yem mənasındadır. Skandinaviya mifologiyasında isə troll dağlarda, meşələrdə, mağaralarda yaşayan qorxunc varlıqlara deyilirdi. “Troll müharibələri” adında çoxsaylı internet oyunları da var və bu oyunlarda əsas qəhrəmanlar bədheybət varlıqlardır. Bu gün trolların sosial şəbəkələrdə gördüyü işləri – şərləmək, psixoloji hücum, təxribat və s. nəzərə alanda onları “virtual bədheybətlər” adlandırmaq daha doğru olar.

Əyləncə; manipulyasiya; sensasiya yaratmaq; süni gündəm formalaşdırmaq; dini, siyasi yaxud ideoloji mübarizə; sosial araşdırma aparmaq;

Trollinq anlayışı əsasən bu istiqamətləri özündə birləşdirir və anonim adlar, yəni saxta profillər altında fəaliyyət göstərmək deməkdir. Dünyada geniş yayılmış trolluğun Azərbaycana ayaq açması və necə istifadə olunması bizim oxucu üçün daha maraqlıdır.

Azərbaycan trolları daha çox süni gündəm formalaşdırmaq və virtual aləmdə aparılan siyasi mübarizədə öndə gedən piyadalar rolunu oynayırlar. Onlar bağlı olduğu şəxsi müdafiə edir, həmin şəxsin yazdığı postların önə çıxması üçün “Like” düyməsinə basır və rəylər yazırlar, ona qarşı çıxanları kimliyindən asılı olmayaraq ən ağır ifadələrlə təhqir edir və bu qəbildən olan digər fəaliyyətləri həyata keçirirlər.

Müxalifət bu məsələdə hakimiyyəti ittiham edir, hərçənd, gerçəklik fərqlidir. Bunu anlamaq üçün “Google” axtarış sistemində troll kəlməsinin hansı isimlə birlikdə daha çox axtarıldığına nəzər salmaq yetərlidir.

“Google”-da troll kəlməsi yalnız Əli Kərimlinin adı ilə birlikdə yazılanda çıxır. Misal üçün, “hakimiyyət”, “iqtidar”, yaxud digər siyasi partiyalar və onların sədrlərinin adlarını, hətta Azərbaycan sözünü belə troll kəlməsi ilə birlikdə yazanda heç nə görünmür. Hər bir oxucu bunu təcrübədən keçirə bilər.

Bu, sadə müqayisədir, hərçənd, dünya təcrübəsinə görə “Google” axtarış sistemi ən çox axtarılan və bir-biri ilə bağlı olan ifadələri göstərir.

Daha bir nümunə: AXCP sədrinin “facebook” səhifəsində yazdığı statuslara çoxsaylı bəyənmə gəlir, yüzlərlə şərhlər yazılır, bir o qədər paylaşılır. Hətta ən adi statusu ilə ən ciddi hesab olunan siyasi fikrinə yazılan rəylərin, yaxud bəyənmələrin sayı təxmini eynidir.

Adətən sosial şəbəkə istifadəçiləri öz maraqları dairəsində olan postlara reaksiya verir, ona münasibət göstərirlər. Müxtəlif məzmunlu fikirlərə, paylaşımlara eyni dərəcədə münasibət göstərmək üçün ya yumşaq desək ağılsız olmalısan, ya da troll. Bununla yanaşı, sosial bazası bir neçə yüz nəfəri keçməyən bir partiya rəhbərinin bu qədər “virtual dəstəkçisi”nin olması bütün yolları trollara aparır.

Digər bir maraqlı məqam isə AXCP sədrinin bütün postlarının altında yazılan yüzlərlə rəyə baxmayaraq, həmişə müavinlərindən birinin – ya Gözəl Bayramlı, ya da Nurəddin Məmmədlinin rəyinin ən üstdə görünməsidir. “Facebook”un funksiyasına görə ən çox bəyənilən rəylər ilk görünür.

Bu fakt AXCP sədrinin keçmiş müşaviri Zərifə Məhəddinovanın sözlərini yada salır.

Məgər mən AXCP-yə Gözəl Bayramlının statuslarının altında qarovul çəkib “like” etməyə görə gəlmişdim? Günümün 24 saatını “facebook” arxasında oturub əlavə 20 – 30 saxta profillə “like” edərək ona xidmət etməliyəm?”, – xanım müşavir etiraz edirdi.

AXCP-nin Nərimanov şöbəsinin təşkilati məsələlər üzrə sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu isə bir müddət öncə partiya funksionerlərinin gün ərzində 5-6 kompüter vasitəsilə yüzlərlə saxta profili idarə etdiyi faktını açıqlamışdı:

“Bir adamın üzərinə getmək lazım gələndə, birbaşa Əli Kərimli tərəfindən tapşırıq verilir. Vaxtilə İsa Qəmbər, Əli Kərimli və İlham Əliyevin namizədliyi ilə bağlı internetdə sorğu keçirirdilər. Yalnız bir səs vermək mümkün idi. Amma cəbhəçilər axışdılar internet klublara. Saxta profillər yaradaraq səs verdilər. Əldə saxlanmış hazır alətlər var. Bir neçə nəfər var ki, Əli Kərimlidən əmr gözləyir. Əmr verilən kimi, hamısı hücuma keçir. Kimi “məhv etmək” lazımdırsa, onun üzərinə gedirlər. Üzvlər konkret şəxslər tərəfindən bölünüb. İyrəncliklərə gedən üzvlərdən ibarət qruplar yaradılıb. Sosial şəbəkələrdə bu işə birbaşa Kərimlinin özü nəzarət edir. Özünün də evdə 5-6 kompüteri var. Ayrı-ayrı adlarla statuslar yazırlar. Fake profillər isə kifayət qədər çoxdur. Rəyasət heyətində elə şəxslər var ki, əllərinin altında onlarla saxta profil var. Ümumi götürsək, hazırda Əli Kərimlinin statuslarına gələn 4-5 min “like”dən saxtaları çıxsaq, 200-300 bəyənmə ancaq olar. 70-80 faiz saxta profildir. Göstəriş Əlidən Məmməd İbrahimə gəlir. Profil sındırmaq da adi hal alıb. Onlarda xüsusi kodlar var. Onun vasitəsilə ya profili bağlayırlar, ya da oğurlayırlar”.

Hətta birbaşa Əli Kərimlinin idarə etdiyi saxta profillərin adları da mediada yayılıb: “Qön ay”, “Saida Saridas”, “Zimon Vusal”, “Gunel Khalilova”, “Nura Elekberova”, “Fidan Anar”, “Seva Aliyeva” və s.

Bu faktlar AXCP sədrinin statuslarına gələn bəyənmələr və rəylərin əksəriyyətinin saxta profildən olduğunu təsdiqləyir. Gözəl Bayramlı, yaxud Nurəddin Məmmədlinin “üstə çıxması” da bu prosesin bir hissəsidir.

Trollar Azərbaycan siyasətinə nə vaxt gətirildi?

Bu o zamanlar idi ki, siyasi partiyalar ciddi sosial baza itkisi ilə üzləşirdi. Xüsusilə 2005-ci ildə partiyaların rayon təşkilatları “domino effekti” ilə dağılmağa başladı. Buna səbəb 2003-cü il hadisələrindən sonra müxalifət liderlərinin tərəfdarlarını şəxsi ambisiyalarına qurban verməsi idi. Bu hadisələrə paralel olaraq, Azərbaycanda sosial şəbəkələrin populyarlıq qazanması prosesi müşahidə olunurdu və müxalifət çıxış yolu kimi virtual aləmə keçidi seçdi.

Reallıqdan virtual aləmə ilk transferi AXCP etdi və həmin vaxtdan etibarən “saxta profil” strateji xətt kimi seçildi. “Virtual aləm”də fırlanmaq həm də reallıqdakı zəifliyi gizlətməyə imkan verirdi. Bu baxımdan, Əli Kərimli hələ o vaxtdan trolları üç istiqamətdə istifadə edir:

Birincisi: sosial şəbəkədə onun fikirlərinə dərhal reaksiya verməli, rəylər yazmalı, dəstəkləməlidirlər. Məqsəd çoxsaylı dəstəkçisinin olduğunu göstərməkdir. AXCP funksionerlərinin dedikləri də bunu təsdiqləyir.

İkincisi: hakimiyyəti hədəfə almaq. Trollar istənilən hadisəni siyasiləşdirir, süni müzakirələr açır, informasiya ilə manipulyasiya edir və son nəticədə xilas yolunun “Əli Kərimli” olduğu fikrini sırıyırlar.

Üçüncüsü: Əli Kərimliyə qarşı çıxan hər kəs, hətta ən adi irad bildirənlər belə kütləvi şəkildə “trollanır”. Onları təhqir edir, siyasi mövqeyindən asılı olmayaraq, “satqın” adlandırırlar. Hətta daim Əli Kərimliyə dəstək verən şəxslərin belə adi iradları kütləvi hücumla qarşılanır. Misal üçün, AXCP sədrinə informasiya dəstəyi verən, bütün fəaliyyəti boyunca daim onu dəstəkləyib digər siyasi partiya rəhbərlərinə qarşı çıxan Xədicə İsmayıl belə Kərimlinin trollarından şikayətlənirdi: “Özünü “demokrat” adlandıran Ə.Kərimli ən xırda tənqidə belə tab gətirməyərək “facebook” briqadasını mənim üstümə göndərib”.

Faktlar Azərbaycan siyasətinə Əli Kərimlinin gətirdiyini təsdiqləyir və onun əlindən “virtual bədheybətləri” ilə mübarizə aparmaqdan başqa heç nə gəlmir…

Asif Nərimanlı

Advertisements