Ermənistanın müdafiə naziri David Tonoyan fevralın 26-da erməni hərbi birləşmələrinin Azərbaycana hücum edə biləcəyinin anonsunu verdi. “Psixologiya dəyişir, yanaşma dəyişir, yalnız müdafiə vəziyyətində olan ordular həmişə məğlub olurlar. Buna görə də biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş hərəkətlərinin yenilənməsindən gedirsə, biz dayanmayacağıq” deyən erməni nazir jurnalistin “Bu, erməni ordusunun hücuma keçəcəyi anlamına gələ bilərmi” sualına “niyə də yox” cavabını verib. Bu, ilk növbədə loyal davranışlar sərgiləməsi ilə diqqət çəkən Ermənistanın yeni hakimiyyətinin hərbi ritorikaya transfer etməsi deməkdir və belə qəfil transformasiya səbəbsiz deyil.

Azərbaycan Müdafiə Nazirliyi Tonoyanın cavabını verdi və bu şəxsin Azərbaycan Ordusunun qabağından iki dəfə qaçdığını açıqladı: “aprel müharibəsi” və Günnüt əməliyyatı.

“Aprel müharibəsi”ndə Tonoyan müdafiə nazirinin müavini idi və müharibənin başlanmasına səbəb olan erməni təxribatının müəllifi də məhz o idi. Tonoyan 2016-cı ildə “passiv müdafiədən aktiv cilovlamaya” hərbi- siyasi konsepsiyasını hazırlamışdı. Bu konsepsiyanı iki dəfə NATO-nun Brüsseldəki iqamətgahında müzakirə etdikdən sonra ATƏT-in Vyandakı qərargahında və Londonda “Chatam House”də masaya yatırdılar. Tonoyan geniş müzakirələrdən sonra yeni konsepsiyasının təqdimatını keçirdi. 2016-cı ilin fevralında baş tutmuş bu müzakirələrin finalı Ermənistanın Yazıçılar Birliyində Tonoyanla görüşdə baş tutdu. Konsepsiyanın qısa mahiyyəti belə idi: Azərbaycan Ordusu güclüdür. Statik müdafiə vəziyyətində arada baş verən hərbi əməliyyatlar Azərbaycana uğur gətirir. Yaranmış vəziyyəti erməni ictimaiyyətinə izah etmək çətin olur. Ona görə də Ermənistan ordusu imkanlar yaradıb, Azərbaycan ordusuna zərbələr endirməklə onu erməni ordusuna qarşı hərbi əməliyyatlardan çəkindirməlidir. Çevik cilovlama zamanı Ermənistan ordusunun elit hissələrinin əldə etdiyi qələbələr erməni xalqını daha da ruhlandıracaq. Lakin plan baş tutmadı və düşməb məğlubiyyətə uğradı.

Məğlubiyyətdən sonra o, yeni müdafiə naziri Viqen Sarkisyanla toqquşduğu üçün fövqəladə hallar nazini təyin edildi. Sarkisyan devriləndən sonra Nikol Paşinyan hakimiyyətində müdafiə naziri postuna gətirildi. Bunun ilk səbəbi Tonoyanın Qərblə, konkret desək, erməni diasporu/lobbisi ilə “isti əlaqələri”nin olması idi.

Ordumuzun Naxçıvan istiqamətində 11 min hektar ərazinin işğaldan azad edilməsi ilə nəticələnən Günnüt əməliyyatında Tonoyan artıq müdafiə naziri idi və məğlubiyyəti ört-basdır etməkdən başqa əlindən heç nə gəlmədi.

Və hər iki əməliyyat Tonoyanın uğursuzluğu ilə başa çatdı, lakin buna rəğmən, o, yenidən “hücum” ritorikasına əl atır. Burada ilk səbəb Paşinyan hakimiyyətinin Tonoyanın dili ilə daxili auditoriyanı “vətənpərvərlik hislərilə doyurmaq” gedişidir, çünki inqilabdan sonrakı reallıq acınacaqlıdır.

1. Erməni diasporunun biznesmen üzvləri inqilabdan sonra Ermənistana investisiya yatırmağı planlaşdırırdı, lakin “Jamanak” qəzeti biznesmenlərin bu fikirdən vaz keçdiyini, əksinə ölkədəki banklara qoyduqları pulları da çıxarmağa başladıqlarını yazır və bu, son bir həftədə baş verənlərdir. Çünki ölkədə iqtisadi azadlıqlar yoxdur.

2. Ermənistanın Milli Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvarında ixrac 2018-ci ilin yanvarı ilə müqayisədə 15,8 faiz azalıb. Yanvarın sonuna olan məlumata əsasən, ixracın həcmi 145,4 milyon, idxal isə 317,3 milyon dollar təşkil edib.

3. 2018-ci ilin yanvarında Ermənistanın dövlət borcu 6 milyard 951 milyon dollar idi, 2018-ci ilin dekabrında bu borc 28,1 milyon dollar artıb. (Məlumatı Ermənistanın Maliyyə Nazirliyi yayıb).

4. İnqilabdan sonra maaşların artırılması gözlənilsə də, hökumət iş yerlərinin ixtisarına getdi. Təkcə rəsmi məlumatlara görə, son bir neçə ayda 150 min iş yeri ixtisar edilib, özəl sektorda isə vəziyyət daha dəhşətlidir.

5. Yeni iş yerlərinin açılması gözlənilsə də, hökumət optimallaşdırma bəhanəsi ilə mövcud iş yerlərini azaldır.

6. Son 1 ildə intiharların sayı 20 faiz artıb.

Bu siyahı kifayət qədər genişdir və Ermənistan mediası yazır ki, son 10 ayda ölkədə həyat səviyyəsi sürətlə aşağı düşür. Paşinyan isə siyasi inqilabdan sonra vəd etdiyi “iqtisadi inqilab” istiqamətində bir addım belə atmayıb. Bu mənzərə Paşinyan hakimiyyətinin yeni inşa etdiyi sütunlarını ciddi şəkildə laxladır və Tonoyanın açıqlaması göstərdi ki, vədlərini yerinə yetirməyən yeni hakimiyyət çıxış yolunu klassik üsluba əl atmaqda görür: müharibə ritorikası ilə gündəmi aclıqdan “vətənpərvərliyə” transfer etmək.

Tonoyanın hərbi ritorikanı məhz Xocalı soyqırımının ildönümü günündə İctimai Televiziyaya təşkil olunmuş müsahibədə dilə gətirməsi də bunu təsdiqləyir. Ermənistandakı mövcud sosial-iqtisadi mənzərə fonunda bu başadüşüləndir, lakin danışıqlar masasında əyləşməyə razı olan İrəvanın cəbhədə yeni təxribatlara hazırlaşması da istisna edilməməlidir.

İndiki situasiyada cəbhədə hər-hansı təxribat nəticəsində başlanacaq toqquşma Ermənistan hakimiyyətinə sərf edir: yeni eskalasiya Paşinyana “iqtisadi inqilab” vədini təxirə salmağa və vaxt qazanmağa yardım edə bilər; ermənilər Paşinyanın ətrafında birləşərək, çörək tələbindən əl çəkə, “kiçik qələbələr” yeni hakimiyyətin laxlayan sütunlarını gücləndirə bilər; Paşinyan Qarabağ danışıqları və münaqişənin həlli ilə bağlı edilən təzyiqlərdən xilas ola bilər;

Və o da unudulmamalıdır ki, bu gün “hücuma keçə bilərik” deyən Tonoyan “aprel müharibəsi”nin baş memarıdır. Mümkündür ki, Paşinyan hakimiyyəti “aprel müharibəsi” və Günnüt məğlubiyyətini unutdurmaq və “qalib komandan” statusuna yiyələnmək üçün Tonoyanın 2016-cı ildə baş tutmayan “passiv müdafiədən aktiv cilovlamaya” hərbi-siyasi konsepsiyasının yenidən tətbiqinə əl ata bilər. Bu baş verərsə, Azərbaycan Ordusunun gücü fonunda nəticələri təsəvvür etmək çətin deyil, lakin qarşımızda absurd xəyallardan əl çəkməyən ermənilərin olduğunu nəzərə alsaq, təxribatlara hər an hazır olmalıyıq…

Asif Nərimanlı